Hollandiyada fəaliyyət göstərən Hollandiya Türk Federasiyası (HTF) tərəfindən hər il ənənəvi olaraq təşkil edilən iftar süfrəsi bu il də geniş tərkibdə keçirilib. Rotterdam şəhərində təşkil olunan tədbirdə Hollandiyanın müxtəlif şəhərlərindən gəlmiş təxminən 900-ə yaxın qonaq eyni süfrə ətrafında bir araya gəlib.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Haaqadakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan Ramazan ayının birlik və həmrəylik hisslərini gücləndirən mühüm bir zaman olduğunu vurğulayıb. Səfir iftar proqramının təşkilində əməyi olan Hollandiya Türk Federasiyasının rəhbərliyinə və könüllülərinə təşəkkür edib.
O bildirib ki, Ramazan ayı birlik və bərabərlik günləridir və vətənə aid dəyərləri, xatirələri yaşadaraq bu günləri birlikdə qeyd etmək son dərəcə önəmlidir. Səfir Yazqan eyni zamanda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün türk xanımlarını təbrik edib. O qeyd edib ki, şəhidlər gələcək nəsillər qarşısında hər birimizə məsuliyyət qoyublar və gənclər üçün güclü bir miras qoymaq hər kəsin borcudur.
Tədbirin ev sahibi, Hollandiya Türk Federasiyasının başqanı Murat Gedik çıxışında bu mübarək gündə bir araya gəlməyin böyük dəyər daşıdığını bildirib. O qeyd edib ki, türk milləti tarix boyu həmrəyliyi, inancı və birliyi ilə güclü olub və bundan sonra da eyni ruhla yoluna davam edəcək. Murat Gedik Uca Allahdan tutulan orucların, edilən duaların və ediləcək yardımların qəbul olunmasını diləyib.
Tədbirdə çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov isə belə geniş və yüksək səviyyədə təşkil olunmuş tədbirə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycanın həm sevincli, həm də çətin günlərində qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub.
Elsevər Məmmədov çıxışında həmçinin vurğulayıb ki, Hollandiyada fəaliyyət göstərən Türk Federasiyası və onun sədri Murat Gedik Azərbaycan icmasının təşkil etdiyi tədbirlərə daim dəstək göstərib və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verib.
Bu səbəbdən Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov göstərilən diqqət və dəstəyə görə Hollandiya Türk Federasiyasının başqanı Murat Gediki Benilüks Azərbaycanlıları Konqresinin medalı ilə təltif edib.


